Görkəmli musiqişünas Məcnun Kərimov uzun illər ərzində qədim musiqi alətlərimizin bərpası ilə məşğul olmuşdur. O, orta əsrlərdə istifadə edilmiş, sonradan tədricən unudularaq dövrümüzə gəlib çatmamış çəng, bərbət, çəqanə, çoğur, səntur, tənbur, rübab, rud, qopuz kimi musiqi alətlərimizi elmi şəkildə araşdıraraq bu alətlərə yeni həyat vermişdir.
Alətlər üzərində iş heç də asan getmirdi. Onlardan bir çoxu haqqında mənbələrdə verilmiş məlumat tam olmurdu. Miniatürlərdə də alətlərin yalnız ümumi görünüşü verildiyindən bir çox detalların necə düzəldiyi məlum deyildi. Həmin hissələr uzunmüddətli axtarışlar, eksperimentlər hesabına əldə edilirdi. Bəzən hansısa ilahi qüvvə köməyə gəlirdi. Beləcə, çəngin bərpası üzərində aylarla düşündükdən sonra bir gecə onun simlərinin gövdəyə necə bərkidildiyi mənə yuxuda əyan oldu.
Qədim musiqi alətləri arasında məni daha çox simli musiqi alətləri cəlb edirdi. İstifadə olunan materialların müxtəlifliyi baxımından onların bərpası daha mürəkkəb idi. Alətlərin ayrı-ayrı hissələri üçün müxtəlif ağac və dəri növlərindən istifadə etmək lazım gəlirdi. Ağacın yaşının, onun alət üçün ilin hansı mövsümündə kəsilməsinin, kəsilmiş hissənin qurudulması və emalının böyük əhəmiyyəti var idi. Lazım olan ağacları tapmaq üçün çox zaman ölkənin müxtəlif bölgələrinə səfər etməli olurdum.
Çətinliklə əldə edilən digər material alətlərin simləri üçün lazım olan ipək sap və qoyun bağırsağı idi.
Yadımdadır, bir dəfə qoyun bağırsağı əldə etmək üçün Bakı ət kombinatına üz tutdum. Qapıçıya gəlişimin məqsədini bildirdikdə o, şübhə ilə mənə nəzər salıb bir başqa adamı çağırdı. Bu şəxsə bağırsağın musiqi alətlərinə sim düzəltmək üçün lazım olduğunu bildirdim. Deyəsən, o da məndən şübhələndiyindən bağırsağın, az qala, strateji məhsul olduğunu, kənara bir qram belə çıxarmağa icazə verilmədiyini söylədi. Əlacsız qalıb kombinatın direktoru ilə görüşmək istədiyimi bildirdim. Məni onun yanına apardılar.
Direktor məndən bir qədər yaşlı idi. Nə istədiyimi soruşdu. Mən dedim: