Hər şeydən şikayət edən bir qız var idi. Həyatın dözülməz olduğunu düşünürdü. Bir problem qurtarmamış başqası ilə üzləşir, hər dəfə də əsəbiləşir, bədbinliyə qapılırdı. Bəzən hətta ətrafdakılara qarşı kobudluq edirdi. Atası qızının bu vəziyyətini görüb ona dərs verməyi qərara aldı.
Qızın atası aşpaz idi. O, bir gün qızını mətbəxə apardı. Üç qab götürüb sobanın üzərinə qoydu. Su ilə doldurduqdan sonra altını yandırdı. Su qaynamağa başlayanda birinə yerkökü, o birinə yumurta, üçüncüsünə isə qəhvə dənələri qoydu.
- Nə görürsən?
- Yerkökü, yumurta, qəhvə, - deyə qızı saymazyana cavab verdi.
- Daha yaxından bax, - atası dedi. - Yerköküyə toxun.
Qız deyiləni etdi. Yerkökü yumşalmışdı.
- İndi də yumurtanı sındır.
Yumurtanın içi bərkimişdi.
- İndi də qəhvənin dadına bax.
Qızı qəhvədən bir qurtum aldı, çox gözəl dadı var idi. Qızın üzünə xoş təbəssüm yayıldı. Amma yenə də heç nə başa düşməmişdi.
- Bütün bunlar nə deməkdir, ata?
Ata belə izah etdi:
- Yerkökü, yumurta və qəhvə - hər üçü eyni təsirə məruz qaldı. Ancaq hər birinin buna münasibəti fərqli oldu. Yerkökü əvvəlcə bərk və güclü görünsə də, qaynar suyun içərisində yumşaldı, gücdən düşdü. Yumurta isə zərif idi. İçindəki maye nazik qabıqla qorunurdu. Ancaq qaynar suda maye qatılaşdı. Qəhvə isə qaynar suda həm özü dəyişdi, həm də suyu dəyişdirdi. Sən bunlardan hansısan? Həyatda bir problemlə qarşılaşdıqda necə münasibət göstərəcəksən?