Bir gəncin heç bir işi axıracan görməyə səbri çatmırdı, hansı işə başlayırdısa, yarıda qoyurdu. Nəhayət, atası onu məşhur döyüş ustasının məktəbinə qoydu. O ümid edirdi ki, burada oğlunun iradəsi möhkəmlənəcək.
Bir qədər keçdi, gənc oğlan məşqlərdən bezib ustaya müraciət etdi:
- Usta, eyni hərəkəti dəfələrlə təkrar etmək nəyə lazımdır? Əsl döyüş məharətinə yiyələnmək vaxtı deyilmi?
Müəllim etiraz etmədi və oğlana daha böyük şagirdlərin hərəkətlərini öyrənməyə icazə verdi.
Oğlan həvəslə çoxlu yeni döyüş üsulları ilə tanış oldu.
Bir dəfə usta oğlana bağlı zərf verdi. Tapşırdı ki, evə çatsın, sonra açıb məktubu oxusun. Yolda oğlan məşq edən bir qocaya rast gəldi. Qoca yorulmadan əli ilə eyni zərbəni təkrar edirdi.
- Ey qoca, - deyə gənc səsləndi. - Bəsdir məşq etdin. Sən onsuz da heç uşağa da qalib gələ bilməzsən.
Qoca isə cavabında onu döyüşə çağırdı. Oğlan on dəfə qocaya hücum edib zərbə endirməyə çalışdı və hər dəfə qoca onu eyni zərbə ilə yerə sərdi. Bu, qocanın bayaqdan məşq etdiyi həmin zərbə idi. Sonuncu zərbədən nokaut vəziyyətinə düşən oğlan özünə gələndə qoca dedi:
- Mən səni birinci zərbədən öldürə bilərdim, amma sən hələ gənc və axmaqsan. Öz yolunla get.
Pərt olmuş oğlan evə çatan kimi zərfi açıb ustanın məktubunu oxudu. Orada yazılmışdı: “Mükəmməl öyrənilmiş bir zərbə yüz yarımçıq öyrənilmiş zərbədən yaxşıdır”.