Bir dəfə tələbələr müəllimdən onun əsas vəzifəsinin nə olduğunu soruşdular. Müəllim dedi:
- Sabah siz bunu biləcəksiniz.
Tələbələr ertəsi gün vaxtlarını yerli camaatin Ölməz dağ adlandırdığı dağın ətəyində keçirməyi planlaşdırmışdılar.
Sabah açılan kimi yola çıxan tələbələr günorta vaxtı yorulmuş və çox acmış halda dağın ətəyinə çatdılar. Müəllimin gətirdiyi düyü və duzlu tərəvəzdən doyunca yeyən tələbələr bir qədər sonra bərk susadılar.
Müəllim əliboş geri qayıdan tələbələrinə yaxınlaşıb bulağın yerini dedi.
Bulaqdan müəllim üçün də su gətirən tələbələr onun yanında ağzınacan dolu kuzəni görəndə təəccübləndilər:
- Müəllim, bəs niyə sizdə su olduğu halda bizə vermədiniz?
- Mən öz vəzifəmi yerinə yetirirdim, - deyə müəllim cavab verdi. - Əvvəlcə mən sizdə susuzluq yaratdım, o isə sizi bulaq axtarmağa məcbur etdi. Bax beləcə, mən sizdə bilik qazanmaq yanğısı yaradıram. Sonra su tapmaqdan əlinizi tamam üzəndə mən bulağın yerini deməklə sizi ruhdan düşməyə qoymadım. Özümlə daha çox su götürməklə isə mən sizə sübut etdim ki, işinizi ehtiyatlı tutmalısınız, təsadüfün, ya unutqanlığın sizin planlarınıza təsir göstərməsinə imkan verməməlisiniz...
- Deməli, müəllimin əsas vəzifəsi yanğı yaratmaq, ruhdan düşməyə qoymamaq və düzgün nümunə göstərməkdən ibarətdir?
- Yox, - deyə müəllim cavab verdi, - müəllimin əsas vəzifəsi tələbədə insanlıq və mərhəmət tərbiyə etməkdir, - o gülümsündü və davam etdi: - Elə mənim üçün gətirdiyiniz su sübut edir ki, hələlik mən öz əsas vəzifəmi düzgün yerinə yetirirəm.