Qədimdə müdrik bir ustad yaşayırdı. Tələbələrə pulsuz-parasız dərs deyir, onların kamil insan kimi yetişməsi üçün əlindən gələni edirdi.
Günlərin bir günü ustad fikir verdi ki, tələbələrindən biri çoxdandır, dərsə gəlmir. Bir ay da gözlədi, tələbədən xəbər çıxmadı. Ustad qərara gəldi ki,
Otaqdakı böyük sobanın içindəki odunlar çatırtı ilə yanırdı. Ustadın gəlişinin səbəbini təxmin edən tələbə sobanın qarşısında yer rahatladı. Onlar bir müddət səssiz oturdular. Tələbə gözləyirdi ki, ustad nə vaxt öyüd-nəsihətə başlayacaq, onun məktəbə gəlməməsinin səbəbini soruşacaq. Lakin ustad sükut içində sobadakı alova baxırdı. Sanki otaqda ondan başqa heç kim yoxmuş kimi sobadakı odunların alovun təsirindən min bir rəngə düşməsinə tamaşa edirdi.
Tələbə bu sükuta dözməyib:
- Gedim, çay gətirim, - dedi və ayağa qalxdı.
Ustad bir söz demədi. Eləcə, alova baxmağa davam etdi. Tələbə çay gətirmək üçün otaqdan çıxdı.
Birazdan tələbə iki fincan çayla qayıtdı. Birini ustadının qarşısına, birini də öz qarşısına qoyub səssizcə gözləməyə başladı. Hərdən altdan-altdan ustadına nəzər salıb düşünürdü: “Əgər o, çaya əl vurmasa, deməli, məndən əməlli-başlı inciyib”.
Ustad nə tələbəsinə, nə də çaya məhəl qoyurdu. O, maşanı əlinə alıb sobadan iri bir köz götürdü. Közü sobanın yanındakı daşın üstünə qoydu. Yalnız bundan sonra əlini fincana uzadıb çaydan bir qurtum içdi. Tələbə dərindən nəfəs alıb özü də çay içməyə başladı.
Tələbə iki il ustadın yanında dərs almışdı. Məktəbin ağıllı, çalışqan tələbələrindən biri sayılırdı. O bilirdi ki, ustad danışmırsa, bunun bir səbəbi var. Gözləmək lazımdır. Tələbə danışmağa birinci başlamamalıdır.
Axı o nə deyə bilər? Desin ki, üç aydır, başqa ölkəyə ticarətə getmiş atasından bir xəbər yoxdur? Daim intizar içində olduğundan dərsə həvəsi qalmadığını söyləsin? Bunları niyə desin? Axı müəllim heç nə soruşmur.