Dünyanın yeddi möcüzəsindən müasir dövrümüzə qədər gəlib çıxmış yeganə abidə Misir ehramlarıdır.
Qədim Misirdə ölkəni idarə edən fironları dəfn etmək üçün ehramlar tikirdilər. Bu ehramlar pilləvari piramida şəklində olurdu. Hər bir ehram yalnız bir fironun dəfn olunması üçün nəzərdə tutulurdu. Deyilənə görə, fironun ruhunun ilahların yanına pillələrlə qalxa bilməsi üçün piramidanı pilləli etmişlər.
Ehramlara Misirin müxtəlif yerlərində rast gəlmək olar. Lakin ən böyük və məşhur ehramlar müasir Misirin paytaxtı Qahirə yaxınlığındakı Cizədə yerləşir. Bu ehramların çox maraqlı və müəmmalı yaranma tarixi vardır.
Misirin ən məşhur və ən böyük ehramı Xeops ehramıdır. Məhz bu ehram dünyanın yeddi möcüzəsindən biri sayılır.
Xeops ehramı Miladdan əvvəl XXVI əsrdə firon Xeopsun şərəfinə tikilmişdir. Onun inşasına 20 il vaxt sərf olunduğu güman edilir. Tarix elminin atası sayılan Herodot yazırdı ki, Xeops ehramının tikintisində 100 000 qul çalışmışdır. Piramidanın hündürlüyü 140 metr, özüldə hər tərəfinin uzunluğu 230 metrdir. Üçbucaq formalı tərəflərinin ümumi sahəsi isə 85500 kvadrat metrdir. Bu ehram qədim dünyanın ən böyük tikilisi sayılır.
Ehram daş bloklardan tikilmişdir. Hər blokun çəkisi orta hesabla 2,5 ton, ən ağırı isə 15 tondur. Hesablamalara görə, Xeops ehramının ümumi çəkisi 6,25 mln tona bərabərdir.
Bu ağırlıqda daşları necə yonmuş, necə daşımışlar? Yükqaldıran kranlar olmadan onları ehramın yuxarı hissələrinə necə qaldırmışlar? Alimlər bu suallara indiyə qədər birmənalı cavab tapa bilməmişlər. Bəzilərinin fikrincə, qədim Misirdə elm və texnika, xüsusilə həndəsə, astronomiya və fizika yüksək inkişaf mərhələsinə çatmışdı.