Çinin şimal sərhədləri boyu 2500 km uzunluğunda, 4 m enində və 10 m hündürlüyündə qala divarları ucalır. “Böyük Çin səddi” adlanan bu divarlar “dünyanın 8-ci möcüzəsi” adına iddia edən möhtəşəm abidələrdən biridir. O, Miladdan öncə III əsrdə qonşuluqda yaşayan hun tayfalarından müdafiə olunmaq üçün tikdirilmişdi. Bu türkdilli tayfaların çinlilərlə müharibəsi əsrlərlə
Miladdan öncə 238-ci il idi. Hun dövləti xeyli zəifləmişdi, Çin imperiyasına, hətta digər qonşularına xərac verməli olurdu. Hun xaqanı Buminin oğlu Mete dünyaya belə bir vaxtda gəldi. O zaman Buminin heç yuxusuna da girməzdi ki, Mete böyüyüb qonşularından, hətta böyük Çin imperiyasının özündən xərac alacaq.
Sonradan Buminin başqa qadından bir oğlu da oldu. Bumin nədənsə Meteni deyil, kiçik oğlunu taxt-tacın varisi etmək istəyirdi. Xaqan Meteni düşmən tayfasına girov göndərib eyni zamanda həmin tayfa üzərinə hücuma hazırlaşdı. Bununla da, Bumin öz oğlunun ölümünə imza atdı. Lakin bunu hiss edən Mete əsirlikdən qaçıb at belində doğma yurduna qayıtdı. Oğlunun gəldiyini görən Bumin ona on min atlı bağışlayıb uzaq əyalətlərdən birinə vali göndərdi.
İllər keçdi. Böyük döyüş təcrübəsi toplamış Mete hun döyüşçülərinin cəsur və ağıllı sərkərdəsinə, xalqın sevimlisinə çevrildi. O razı ola bilməzdi ki, qəddar atası taxt-tacı iradəsiz və qorxaq oğluna versin. Odur ki Mete hakimiyyəti öz əlinə alıb Hun səltənətində nizam-intizamı və döyüş ruhunu bərpa etdi.
Mete az bir zamanda Xəzər sahillərindən Sibirə qədər əraziləri tutdu. Şərqin ən güclü, mütəşəkkil , döyüşkən ordusunu və qanunlara söykənən dövlətini yaratdı. İndi Metenin hədəfi Çin dövləti idi...