Müasir dövrdə dinozavrlar uşaqların sevimli film qəhrəmanlarından biridir. Balacaların nəvazişlə “Dino” adlandırdığı bu heyvanlar cizgi filmlərində, adətən, xeyirxah qəhrəman kimi təsvir olunur. Lakin milyon illər əvvələ qayıtsaq, yəqin ki, heç kim bu qorxunc canlı ilə üz-üzə gəlmək istəməzdi.
Təxminən 225 milyon il əvvəl Yer kürəsində yaranmış və 160 milyon il ərzində yaşamış dinozavrlar planetimizdə mövcud olmuş ən böyük canlılar idi. Həmin dövrdə insanlar hələ mövcud deyildilər. O zamanlar planetimizdəki heyvanlar və bitkilər də indikilərdən çox fərqlənirdi.Yer
Dinozavrlar dövrümüzə gəlib çatmayıblar. Alimlər onların zahiri görünüşünü və ölçülərini planetin müxtəlif yerlərində tapılmış sümüklərə əsasən təyin etmişlər.
Dinozavrların qalıqları ilk dəfə İngiltərə ərazisində 1815-ci ildə tapılmışdır. Alimlər bu qalıqların nəhəng bir heyvana aid olduğunu heyrət içində müəyyən etmişdilər. O dövrdə insanlar Yer kürəsində nə vaxtsa bu böyüklükdə heyvanların mövcud olduğundan xəbərsiz idilər. Daha sonra 1826-cı ildə başqa bir ingilis alimi naməlum nəhəng heyvana məxsus olan sümüklər tapdı. Nəhayət, 1842-ci ildə daha bir dinozavr qalıqları tapan ingilis bioloqu Riçard Ouen hər üç tapıntı arasında oxşarlığı müəyyən edərək onların eyni canlı növünə aid olduğunu sübut etdi. O, naməlum heyvanın skeletini qismən bərpa etdi və ona “dinozavr” adı verdi. “Dino” yunanca qorxunc, “zavr” isə kərtənkələ deməkdir. Bu ad elmdə qəbul olundu. Sonradan bu fəsilədən olan bir çox heyvanların da qalıqları tapıldı: anxizavr, izizavr, karnotavr, anteozavr və başqaları. Bununla belə, “dinozavr” adı həmin heyvan fəsiləsinin ümumi adı kimi qəbul olundu.
Dinozavrların sümükləri milyon illərlə üst-üstə qalaqlanmış torpaq laylarının altından, qayaların arasından tapılır.