Xəbərlər mübtəda ilə, adətən, şəxsə və kəmiyyətə görə uzlaşır. Məsələn: Mən kitab oxumağı çox sevirəm. Qızlar mahnı oxuya-oxuya bulağa gedirdilər.
III şəxsin cəmində xəbər mübtəda ilə bəzən kəmiyyətə görə uzlaşmaya da bilir. Bununla bağlı aşağıdakı qaydaları bilmək lazımdır:
1) III şəxsin cəmində mübtəda insan anlayışı ifadə etdikdə xəbər, əsasən, cəmdə olur. Məsələn: Şagirdlər sərgidəki eksponatlara diqqətlə baxırdılar.
2) Heyvan və quş adları bildirən mübtəda cəmdə olduqda xəbər həm cəmdə, həm də təkdə ola bilir. Məsələn: Quşlar uçuşurdu. Quşlar uçuşurdular.
3) Mübtəda cansız varlıqları bildirən sözlərlə ifadə olunduqda xəbər, əsasən, təkdə olur. Məsələn: Küləyin təsirindən yarpaqlar yerə töküldü. Gözümüzün önündə gündən-günə yeni binalar ucalırdı.