Məktəbin yaxınlığında balaca bir ayaqqabı dükanı var idi. Sahibinin adı Əşrəf idi. O özü satıcılıq edirdi. Satışdan gəliri cüzi olduğuna görə əlavə işçi saxlaya bilmirdi.
Yay tətilinin başlanmasına az qalmışdı. Ona görə də yüngül idman ayaqqabılarına tələbat artmışdı.
Dükanın qarşısında 11-12 yaşlı bir oğlan dayanıb vitrindəki ayaqqabılara baxırdı. Oğlanın sol ayağı dizdən aşağı yox idi. Qoltuqağacının köməyi ilə gəzirdi.
Əşrəf əmi yeni gətirdiyi malları vitrinə yerləşdirirdi. Bu zaman dükanın qarşısında duran oğlanı gördü. Oğlan gözünü bir cüt gözəl idman ayaqqabısına zilləmişdi.
- Ey, balaca, - deyə dükan sahibi onu səslədi, - xoşuna gəlir? Builki modeldir. Gözəldir, elə deyilmi?
- Həqiqətən, çox gözəldir! - deyə oğlan utancaq bir təbəssümlə cavab verdi.
Əşrəf əmi oğlanı içəri çağırdı.
- Gəl, əyləş. İstəyirsən, verim, bax gör ölçüsü uyğun gəlirmi?
- Amma...
-Nə amma?
- Mənim bir qıçım var...
- Nə olsun? Əskikliyi olmayan adam var? Kiminin qıçı əskikdir, kiminin əli, kiminin ağlı, kiminin əqidəsi. Məncə, adamın əqidəsi əskik olmaqdansa, qıçı əskik olsa, yaxşıdır.
- Əqidə nədir?
- Hələ balacasan. Böyüyəndə başa düşərsən.
Bunu deyib Əşrəf əmi ayaqqabını uşağa uzatdı. Oğlan ayaqqabının üstünə yapışdırılmış qiymət kağızına baxıb tez geri qaytardı:
- Yox, bağışlayın. Ala bilmərəm.
- Niyə, pulun çatmır? Problem deyil. İki aydan sonra bu ayaqqabılara 20% endirim olacaq. Sənin üçün endirim mövsümünü qabağa çəkərəm. Onu da nəzərə alaq ki, sən ayaqqabının bir tayını alacaqsan. Deməli, pulun yarısını verəcəksən. Bu eləyir... - Əşrəf əmi kalkulyatoru götürüb hesabladı, - on manat.
- Bəs ayaqqabının o biri tayını nə edəcəksiniz?