Nazim ətraf məhəllələrdə tanınmış usta idi. Kimə dülgər işi lazım olsa, ona müraciət edərdi. Əlindən hər iş gəlirdi: qapı-pəncərə düzəltmək, mebel təmir etmək...
İkimərtəbəli evinin birinci mərtəbəsini emalatxana üçün ayırmışdı. Əvvəllər onun işi yaxşı gedirdi. Hətta iki işçisi də var idi. Lakin plastik qapı-pəncərələr dəbə düşdükdən sonra sifarişləri azaldı. İmkansızlıqdan işçiləri buraxıb tək işləməli oldu. İndi bütün günü emalatxanasında zəhmət çəkib tər tökürdü ki, ailəsi korluq çəkməsin.
Nazimin ən böyük arzusu isə 12 yaşlı oğlu Elxanı böyüdüb boya-başa çatdırmaq, ona yaxşı tərbiyə və təhsil vermək idi. Elxan emalatxanada atasının ağır zəhmətə qatlaşdığını görəndə neçə dəfə köməyini təklif etmişdi:
– Ata, qoy sənə kömək edim. Görürəm axı, sənin üçün çox ağırdır.
Usta Nazim isə cavabında demişdi:
– Yox, oğlum, sən dərslərinlə məşğul ol. Sənin mənə ən böyük köməyin yaxşı oxumağındır.
Atasının bu sözləri heç vaxt Elxanın yadından çıxmırdı. Bu səbəbdən səylə çalışır, dərslərini yaxşı oxuyurdu. O, ağıllı oğlan idi, başa düşürdü ki, təhsildəki hər bir uğuru atasına güc verir. Bilirdi ki, yaxşı oxuyub bir iş sahibi olsa, atasını bu ağır zəhmətdən qurtarar.
Həmin gün usta Nazimin təcili sifarişi var idi. Sabaha dörd qapı çatdırmalı idi. Səhər tezdən durub işləməyə başladı. Yenicə dəzgahını işə salıb taxtaları kəsməyə başlamışdı ki, birdən elektrik kəsildi. Nazimin qanı qaraldı. “Bu işıq verənlərin heç insafı yoxdur. İşıq pulu bir gün gecikən kimi gəlib qapının ağzını kəsdirirlər. Özləri isə istədikləri vaxt elektriki kəsirlər”, – deyə düşündü. Bir müddət dəzgahı yağlamaqla, alətləri itiləməklə məşğul oldu. Amma işıq yanmırdı ki, yanmırdı. Nəhayət, səbri tükəndi, emalatxanadan çıxıb evin giriş qapısının yanındakı elektrik lövhəsinə nəzər saldı: “Aaa, bu elektrik dəstəyini kim aşağı salıb?” Nazim ikinci [mərtəbiyə] aparan pilləkənə yaxınlaşıb yuxarı baxdı. Heç kim görünmürdü, səs-səmir də gəlmirdi. Qayıdıb elektrik dəstəyini qaldıran kimi işıqlar yandı.