Bir çox gənc amerikalı kimi, qaradərili Coninin də ən böyük arzusu zəngin biznesmen olmaq, cəmiyyətdə nüfuz qazanmaq idi. Həyatda idealı dünyanın ən varlı adamı sayılan Bill Qeyts idi. Eşitmişdi ki, bu şəxs universitetdə təhsilini yarımçıq qoyub kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətini yaratmış və az müddətdə milyarder olmuşdur.
Coni də imkansız ailədə böyüdüyündən mükəmməl təhsil ala bilməmişdi. Bəlkə də, Bill Qeytsin şəxsiyyətinə maraq bununla bağlı idi.
Bir gün qəzetdə oxudu ki, “Microsoft” şirkətinə süpürgəçi tələb olunur. Yubanmadan şirkətin ofisinə müraciət edib ərizə yazdı və tərcümeyi-halını kadrlar şöbəsinə təqdim etdi. Təyin olunan gün gəlib psixoloji testdən keçdi. Ona bildirdilər ki, işə qəbul olunur. Sevincinin həddi-hüdudu yox idi. Coninin özünə inamı böyük idi. Bilirdi ki, süpürgəçi vəzifəsində çox qalmayacaq. Xəyallarında düşünürdü ki, bir gün şirkətin dəhlizində Bill Qeytslə rastlaşacaq. Ola bilməz ki, böyük biznesmen ondakı fərasəti duymasın. O, Coniyə daha məsuliyyətli işlər tapşıracaq və günlərin bir günü bu gənc oğlan Bill Qeytsin sağ əli olacaq.
Lakin birdən-birə xəyalları puç oldu. Kadrlar şöbəsində işləyən qız Coninin şəxsi anketini doldurmaq üçün ondan elektron poçt ünvanını soruşdu. Coni utana-utana dedi:
- Mən hələ kompüter almamışam. Ona görə də elektron poçt ünvanı açmamışam.
Qız təəccüblə ona baxıb soyuqqanlı tərzdə dedi:
- Bağışlayın, şirkətimizin prinsiplərinə görə, elektron ünvanı olmayanın özü də mövcud deyil. Bu səbəbdən biz sizi işə götürə bilmərik...
Coni başını aşağı salıb küçə ilə gedirdi. İndi o, “Microsoft”a, hətta Bill Qeytsə də nifrət edirdi: “Mən sizə kim olduğumu göstərərəm.