- Baba, göydə nə qədər ulduz var?
- Başındakı tüklərin sayı qədər.
- Baba, bəs başımda nə qədər tük var?
- Dağların yaşı qədər.
- Baba, bəs dağların nə qədər yaşı var?
- Bala, dünyada elə şeylər var ki, heç kəs onların dəqiq sayını deyə bilməz. Bu zaman köməyimizə yüzlərlə, milyonlarla, xeyli, bir qədər, bir sıra, bir çox kimi sözlər gələr. “Dünyada dörd okean var” dediyimiz halda, çayların sayını konkret deyə bilmərik.
Miqdar saylarının 3 növü vardır:
Müəyyən miqdar sayları. Əşyanın konkret miqdarını bildirən saylara müəyyən miqdar sayları deyilir. Məsələn: dörd, on iki, 245.
Qeyri-müəyyən miqdar sayları. Qeyri-müəyyən miqdar sayları əşyanın təxmini miqdarını bildirir və nə qədər? sualına cavab olur: az, çox, xeyli, bir qədər, bir az, bir çox, bir sıra, beş-altı, çoxlu, onlarla, yüzlərcə və s.
Kəsr sayları. Kəsr saylarının yaranmasında miqdar sayları və yerlik hal şəkilçisindən istifadə olunur. Tamın (vahidin) hissəsini və ya tam və onun hissəsini bildirir: beşdə iki, üç tam onda altı.