Təsəvvür edin ki, hər hansı bir səbəbdən dünyada bütün saatlar dayanıb. Sizcə, bu halda nə baş verər?
Bir vaxtlar, doğrudan da, saat yox idi. Bəs onda insanlar vaxtı necə təyin edirdilər?
Qədimdə insanlar günəşi ən etibarlı saat hesab edirdilər. Biz elə indi də bəzən vaxtı bildirmək üçün “səhər”, “günorta”, “axşam” və ya "günəş batandan sonra” deyirik.
Qədim misirlilər günəş çıxandan batana qədər olan vaxtı 12-yə bölüb hər hissəni, indiki dildə desək, bir saat kimi qəbul edirdilər. Günün vaxtını müəyyən etmək üçün onlar xüsusi bir qurğu icad etmişdilər. Uzun düzbucaqlı bir taxta götürüb onun üzərində 6 xətt cızırdılar. Taxtanın baş tərəfindəki dirəyə perpendikulyar şəkildə başqa bir lövhə bərkidirdilər. Səhər tezdən düzbucaqlı taxtanın baş tərəfini şərqə tərəf yönəldirdilər. Günəş çıxanda perpendikulyar lövhə taxtanın üzərinə kölgə salırdı. Kölgənin hansı xətt üzərində dayanmağından asılı olaraq günün vaxtinı təyin edirdilər. Günorta tamam olanda taxtanın yönünü dəyişib qərbə tərəf çevirirdilər.
Qədim Çində, Babilistanda, Yunanıstanda da günəş saatının müxtəlif növlərindən istifadə olunurdu. Bütün günəş saatları eyni prinsipə əsaslanırdı: günəşdən asılı olaraq kölgənin uzunluğu və istiqaməti dəyişirdi. Burada kölgə indiki saatlardakı siferblat rolunu oynayırdı. Ərəb alimlərinin yaratdığı günəş saatlarında hətta azan vaxtını göstərən işarələr də qoyulurdu.
Əlbəttə, günəş saatının bir sıra çatışmazlıqları da var idi. Belə saatları evdə quraşdırmaq, bu saatla günəş batandan sonra və ya yağışlı günlərdə vaxtı ölçmək mümkün deyildi. Onda insanlar su saatı icad etdilər. Babilistanda belə saatlar 2500 il bundan əvvəl mövcud idi. Böyük şəhərlərdə suyu dibində kiçik deşik olan iri qaba tökürdülər. Su axıb qurtaran kimi carçılar vaxt haqqında şəhər əhalisinə məlumat verir və qabı yenidən su ilə doldururdular.
Qısa vaxt məsafələrini ölçmək üçün çox zaman qum saatından istifadə olunurdu. Bu saat üst və alt şüşə qablardan ibarət olur. Onların arasında hər iki qabı birləşdirən kiçik deşik açılır. Üstdəki qabda qum olur. Müəyyən vaxt ərzində qum deşik vasitəsilə aşağıdakı qaba tökülür. Bundan sonra saati yenidən “qurmaq” üçün onu yalnız tərsinə çevirmək lazım gəlir.
Adətən, qum saati bir neçə dəqiqəni və ya saatı ölçmək üçün istifadə olunur. Lakin çox böyük qum saatları da var.