Qədimdə türk tayfaları Avropa düzənliklərindən tutmuş Sibir çöllərinə qədər geniş bir ərazidə yaşayırdılar. Onların tarixi, yaşayış tərzi haqqında məlumatlara yalnız qonşu xalqların, xüsusilə Çin tarixçilərinin əsərlərində rast gəlmək olardı. Alimlər uzun müddət elə düşünürdülər ki, türklər köçəri həyat sürdüklərinə görə onların öz yazısı, əlifbası olmamışdır. 1893-cü ilə kimi qədim türklərin mədəniyyəti haqqında elmə çox az şey məlum idi...
XIII əsrdən başlayaraq Monqolustanda və Sibir çöllərində olmuş bir sıra səyyahlar üzərində qəribə yazılar həkk edilmiş daş abidələr haqqında məlumat vermişdilər.
Stralenberq İsveç zabiti idi. O, İsveçlə Rusiya arasında gedən müharibədə əsir düşmüş və 13 il Sibirdə sürgündə qalmışdı. 1730-cu ildə vətəninə qayıdan Stralenberq Asiyanın tarixi və coğrafiyası haqqında kitab nəşr etdirdi. Bu əsərində o, Orxon və Yenisey çayları ətrafında tapdığı daş kitabələr haqqında ətraflı məlumat verdi. Lakin bu yazılar hələ də sirr olaraq qalırdı.
Stralenberqin verdiyi məlumatlar əvvəlcə rus elmi dairələrində maraq doğurdu. Rus türkoloq alimləri daş üzərindəki yazıları tədqiq etmək üçün Sibirə ekspedisiyalar təşkil etdilər. Nəticədə xeyli daş kitabə, o cümlədən hündürlüyü 3 metr 75 sm olan bir mərmər kurqan tapıldı. Sonradan “Kültigin” adı ilə məşhurlaşan bu abidədə yazı sətirlərinin eni 235 santimetr idi. Burada naməlum əlifba ilə yanaşı, Çin heroqlifləri ilə yazılmış mətn də var idi. Məhz bu mətnlər daş kitabələrin sirrini açmaqda mühüm rol oynadı.
Bir çox alimlər Orxon-Yenisey abidələrini oxumağa cəhd etsələr də, bu, ilk dəfə Danimarka alimi Vilhelm Tomsenə nəsib oldu. O, əvvəlcə Kültigin abidəsindən “tenqri" “türk” “Kültigin" sözlərini Çin heroqlifləri ilə yazılmış mətndəki uyğun sözlərlə qarşılaşdırıb t, nq, r, ü, k, l hərflərini oxudu. Tomsen 1893-cü il noyabrın 25-də Danimarka Kral Akademiyasının yığıncağında öz kəşfi haqqında məruzə etdi.
Beləliklə, məlum oldu ki, bu sirli yazılar müasir türkdilli xalqların əcdadlarına məxsusdur. 1894-cü ildə rus alimi Vasili Radlov Kültigin abidəsinin mətnini tam olaraq oxudu və tərcümə etdi.
Tədqiqatlar göstərir ki, 38 hərfdən ibarət Orxon-Yenisey əlifoası başqa dillərdən alınmamış, xüsusi olaraq türk dili üçün icad edilmişdir.