Uşaqlıqdan bəri tez-tez eşidirdim: “Düşmən tapdağı altında olan torpaq-larımızı azad edəcəyik!” İndi bu cümlə mənim üçün, sadəcə, şüar deyildi, ətrafımda baş verən, mənim də iştirak etdiyim real hadisə idi. Əlimdə silah irəliyə doğru atdığım hər bir addımda mən bu sözləri canımla, qanımla hiss edirdim...
Alay qərargahından əmr gəlmişdi: başçılıq etdiyim taqım Şuşa istiqamətində hərəkət edən piyada taboru ilə birləşməli idi. Sevincimin həddi-hüdudu yox idi. Şuşanı heç vaxt görməsəm də, o mənim üçün əlimdən alınmış doğma, müqəddəs
İyirmi iki nəfər idik. Yolumuz dağlardan, meşələrdən keçirdi. Bu yerlərdən top, tank keçirmək mümkün deyildi. Ona görə də yalnız piyadaları götürmüşdüm. Bizə tapşırılmışdı ki, əsas qüvvələrlə birləşənədək düşmənin gözünə görünməyək.
Gecə-gündüz dayanmadan gedərək təyin olunmuş vaxtda görüş yerinə çatdıq. Axşam vaxtı idi. Mən əsgərlərimə dincəlmək əmri verib tabor komandirini axtarmağa getdim.
Mayor Əsədov bir neçə bölük komandiri ilə birlikdə ağacın altında oturub söhbət edirdi. Mən yaxınlaşıb hərbi salam verdim və özümü təqdim etdim:
– Baş leytenant Zamanlı!.. Cənab mayor, icazə verin məruzə edim...
O, başını qaldırıb üz-gözünü turşutdu. Kobudcasına sözümü kəsdi:
– Yaxşı görək, leytenant. Bura hərbi məktəb deyil. Mil kimi dayanıb durma!
Mən duruxdum, onun son sözlərini başa düşmədim.
– Əəə, otur, deyirəm.
Mən pərt halda komandirin qarşısında oturdum. “Görəsən, haradan bildi ki, hərbi məktəbi qurtarmışam”, – deyə düşündüm. Ayın zəif işığında diqqətlə onun üzünə baxdım. Yaşı əlliyə yaxın olardı. Səsi xırıltılı idi. Alnındakı dərin çapıq onsuz da zəhmli sifətini daha qorxunc edirdi. Bir sözlə, əsl döyüş canavarı idi.
Əsədovun əlində kağız parçası var idi. Orada xəritəyə oxşayan bir şey cızmışdı.