XIX əsrdə alimlər müəyyən etdilər ki, bitki və heyvan orqanizmləri hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrələr orqanizmdə müxtəlif funksiyaları yerinə yetirirlər. Bunun üçün müəyyən hüceyrələr birgə işləməli və bir-biri ilə qarşılıqlı əlaqədə olmalıdır.
Təchizat: çiy və bişmiş kartof.
İşin gedişi:
1. Çiy və bişmiş kartofu hissələrə bölün.
2. Әllə onun dəriciyini doğranmış hissələrdən ayırmağa çalışın. Qabıq və
yumşaq hissələr bir-birindən quruluşuna görə nə ilə fərqlənir?
3. Kiçik parçaları əllə yarıya bölün, onları ovmağa çalışın.
Nəticəni müzakirə edək:
• Çiy və bişmiş kartofla olan nəticəni müqayisə edin. Bunu nə ilə izah etmək olar?
Toxuma. Quruluş və mənşəcə eyni olan və oxşar funksiya yerinə yetirən hüceyrələr və hüceyrəarası maddələr qrupu toxuma adlanır. Toxumalara həm bitkilərdə, həm də heyvanlarda rast gəlinir.
Bitki toxumaları. Törədici, əsas, örtük, ötürücü, mexaniki və ifrazat toxuma qrupları var.
Törədici və ya meristem toxuması (yun. “meristos” – bölünən). Hüceyrələri kiçik, nazik qılaflı və iri nüvəli olub bölünmə qabiliyyətinə malikdir. Digər toxumaların hüceyrələrinə başlanğıc verərək bitkilərin bütün ömrü boyu böyüməsini və inkişafını təmin edir.
Örtük toxuması. Bitkini xaricdən örtərək onu ətraf mühitin əlverişsiz təsirindən qoruyur. Yarpaqların və cavan zoğların səthi örtük toxumasının bir növü olan dəricik və ya epidermis (yun. “epi” – üstündə və “derma” – dəri) ilə örtülür.