Qışın sonuna yaxın şagirdlər məktəbin həyətində alma bağı salmaq qərarına gəldilər. Bağ üçün nəzərdə tutulan yerə onlar çoxlu ağac tingləri əkdilər. Yazda ağaclara qulluq edən zaman alma ilə yanaşı, səhvən digər tinglərin də əkildiyi aşkar olundu.
Yarpağın ümumi quruluşunun öyrənilməsi.
Təchizat: sinif otağında olan otaq bitkiləri, herbarilər.
İşin gedişi:
• Otaq bitkiləri və ya herbariləşdirilmiş bitkilərin yarpaqlarını diqqətlə
nəzərdən keçirin, onları şəkildəki yarpaqlarla müqayisə edin.
• Yarpağın genişlənmiş hissəsi olan yarpaq ayasına baxın.
• Ayanın ucuna, kənarlarına, əsasına, formasına və yarpaq saplağına
diqqət yetirin.
• Dəftərinizdə yarpaqların şəklini çəkin.
Nəticəni müzakirə edək:
• Yarpaqlar hansı quruluşa malikdir və bitkidə o, hansı funksiyanı yerinə yetirir?
• Bitkilərin həyatında yarpağın rolu nədən ibarətdir?
Yarpağın xarici quruluşu. Yarpaq – yarpaq ayası və saplaqdan təşkil olunmuşdur. Yarpaq ayası – əksər bitkilərdə saplaq vasitəsilə zoğa birləşir. Saplağın əsas funksiyası yarpağı işığa çıxarmaq və maddələrin hərəkətini təmin etməkdir.
Bəzi bitki yarpaqlarında saplaq olmur. Belə yarpaqlara oturaq yarpaqlar deyilir. Oturaq yarpaqlar – kətan, qərənfil, aloe kimi bitkilərdə müşahidə edilir.
Yarpağın saplağının gövdə ilə birləşən nisbətən genişlənmiş aşağı hissəsi yarpaq əsası adlanır. Yarpaq əsasında bəzi hallarda çıxıntı şəklində iki kiçik yarpaqcıq – yarpaqaltlıqları yerləşir.