Canlılarda hərəkət, dayaq, qidalanma və tənəffüs
Quruda yaşayan heyvanlar içərisində ən sürətlə qaçan heparddır. Onun sürəti saatda 120 km-ə çatır. Ağ ayılar, pinqvin və dəniz tısbağaları isə əla üzgüçülər hesab olunur. Hərəkət kiçik heyvanlarda da müşahidə edilir; məsələn, ilbiz saatda 15 m məsafə qət edir, lakin birhüceyrəli amöb ondan min dəfə yavaş sürətlə hərəkət edir.
Hərəkətin müxtəlifliyi. Әksər canlılara xas olan əsas xüsusiyyətlərdən biri hərəkətdir. Heyvanlarda hərəkət necə baş verir? Birhüceyrəli orqanizmlər – adi amöb – sitoplazmanın bir yerdən digər yerə axması nəticəsində yaranan yalançı ayaqlar vasitəsilə hərəkət edir. Digər birhüceyrəlilərdə isə yerdəyişmələr qamçıların dalğavari hərəkəti, kirpikciklərin birgə fəaliyyəti sayəsində mümkün olur.
Çoxhüceyrəli heyvanlar da mühitdə fəal hərəkətetmə qabiliyyətinə malikdirlər; məsələn, soxulcanda hərəkət həlqəvi və uzununa əzələlərin növbə ilə yığılması və boşalması hesabına baş verir.