Cəmi 60 il əvvəl Aral dənizi sahəsinə görə dünyanın dördüncü gölü idi. İndi isə bu dənizin “dibində” dəvə sürüləri otlayır. Bəs bu necə ola bilər? Aral dənizində heç bir təbii fəlakət baş verməyib. Gölün qurumasının günahkarı insanlardır. Məhz insanların təsərrüfat fəaliyyəti nəticəsində Aral “yoxa” çıxmışdır.
Mərkəzi Asiyanın türk dövlətləri olan Özbəkistan və Türkmənistanın böyük bir hissəsi Qaraqum və Qızılqum səhralarında yerləşir. İqlimi isti və quraq olan bu ərazilər pambıq, qarpız, yemiş kimi bitkilərin becərilməsi üçün əlverişlidir. Lakin əkin sahələrinə su lazımdır. Su çatışmadığına görə yerli əhali dəvəçilik, atçılıq və qoyunçuluqla məşğul olurdu. Şirin su mənbələrinin tapılması kənd təsərrüfatının daha gəlirli sahələrinin inkişafına səbəb ola bilərdi. Ona görə də hər iki ölkədə suvarma kanallarının çəkilməsinə qərar verildi. Bu kanallar yalnız Amudərya və Sırdərya çaylarından çəkilə bilərdi. Onların mənbəyi uca dağ zirvələrindəki buzlaqlardır. Yayda havanın temperaturu artdıqca zirvələrdəki qar və buzlar əriyir və çaylarda suyun səviyyəsi artır.