– 2000 il əvvəl Yer kürəsində 170 milyon insan yaşayırdı.
– 200 il əvvəl Yer kürəsində insanların sayı 800 milyon nəfərə çatdı.
- Bu gün insanların sayı 8 milyard nəfərə yaxındır.
Dünyada əhalinin sayı daim artır. Əhali artımı doğulan və ölənlərin arasında olan fərq hesabına baş verir. Bu, təbii artım adlanır. Əhalinin artımı Avropa, Şimali Amerika ölkələrində və Avstraliyada daha aşağıdır. Afrika, Asiya və Cənubi Amerika ölkələrində isə təbii artım yüksəkdir.
Ölkə əhalisinin sayı təkcə doğulan və ölənlərin hesabına deyil, gələnlərin və gedənlərin sayına görə də dəyişə bilər.
Yer kürəsində əhalinin sayı az olduğu dövrlərdə insanlar ilk olaraq qida, su, istiliyin bol olduğu əraziləri mənimsəmişlər. Əhalinin sayının artması nəticəsində onlar daha az məhsuldar yerlərə köçməli olmuşlar. Lakin təbiətin sərt olduğu qızmar səhralar, qütbə yaxın ərazilər, yüksək dağlıq ərazilər və keçilməz meşələrdə insanlar indi də zəif məskunlaşmışlar.
Qədim insanlar əkinçilik və heyvandarlıqla məşğul olur və kəndlərdə yaşayırdılar. Hazırda kəndlərin müxtəlif tipləri mövcuddur. Avropanın əksər, Asiya və Afrikanın bəzi ölkələrində kənd əhalisi qrup şəklində yaşayır.