Dünyanınsiyasi xəritəsinə əsasən, göstərilən istiqamətlərdə Bakıdan “səyahətə” çıxın. Keçdiyiniz dövlətlərin paytaxtlarını tapın, ölkələri ərazilərinə görə müqayisə edin:
1) paralel boyunca şərqə doğru;
2) paralel boyunca qərbə doğru;
3) meridian boyunca ekvatora qədər;
4) meridian boyunca Şimal qütbünə qədər.
Dünyada 200-dən çox müstəqil dövlət vardır. Onlar müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Dünyanın siyasi xəritəsində ölkələr müəyyən sərhədlər daxilində təsvir edilmişdir.
Hər bir ölkənin özünəməxsus coğrafi mövqeyi var. Coğrafi mövqe - ölkənin digər dövlət və coğrafi obyektlərə (okean, dağ və s.) nəzərən yerləşməsidir. Ölkələr okean və dəniz sərhədlərinə malik olduqda onların coğrafi mövqeyi əlverişli hesab edilir.
Su sərhədləri olmayan və ya yüksək dağlıqda yerləşən ölkələrin coğrafi mövqeyi əlverişsizdir.
Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Sərhədlər təbii obyektlərdən - sıra dağlar, çaylar, göl sahilləri boyunca keçə bilər.