2012-ci il oktyabrın 14-də avstriyalı paraşütçü Feliks Baumqarten 38 km hündürlükdən yerə tullanmışdır. Sərnişin təyyarələrinin 10 km-dək hündürlükdə uçduğu nəzərə alınarsa, bu, bəşər tarixində ən yüksək “göydən düşmə”dir. Enmə zamanı yaranan problemlərdən qorunmaq üçün Baumqartenə xüsusi skafandr hazırlanmışdı.
Yer bir neçə qatdan ibarət olan “şəffaf kürə”nin içərisindədir. Ayrı- ayrı qatlardan ibarət olan hava təbəqəsi atmosfer adlanır. Atmosfer qatları bir-birindən havanın temperaturu, rütubəti və s. xüsusiyyətlərinə görə fərqlənir.
Atmosfer Yeri çox qızmaqdan və soyumaqdan, kosmosdan düşə biləcək səma cisimlərindən qoruyur. Əgər atmosfer qatı olmasaydı, Yer səthində gündüzlər 200°C isti, gecələr isə 160°C şaxta olardı. Səmadan düşən meteoritlər dərin çökəklik yaradardı. Lakin hava qatından keçən nəhəng meteoritlər yanmaya məruz qalır, xırda hissələrə bölünür.