Mətnin giriş, əsas və nəticə hissələrini
müəyyənləşdirmək üçün YADDAŞ
Ən nəcib və xeyirxah insan
Qədim zamanlarda bir şah ölkənin ən nəcib və xeyirxah insanını tapıb onu mükafatlandırmaq istəyir. Onun göstərişi ilə vəzirlər həmin şəxsi tapmaq üçün gecə-gündüz axtarışa başlayırlar.
Bir müddət sonra siyahını şaha təqdim edirlər. Siyahıda on şəxsin adı var idi. Baş vəzir siyahıdakı adamlar haqqında şaha məlumat verir.
Siyahıdakılardan biri xeyriyyə işləri ilə məşğul olan şəxs, biri xəstələrə təmənnasız xidmət göstərən həkim, biri hüquq məsələləri ilə məşğul olan şəxs idi. Digəri insanları barışdırır, onlar arasındakı mübahisəli məsələləri həll edirdi.
Bir sözlə, siyahıdakı insanların hamısı xeyirxah işlərlə məşğul olurdu.
Növbə siyahıdakı onuncu adama çatdı. O, qoca müəllim idi. Evdən çıxa bilmirdi. Xeyli yaşlanmışdı. Vaxtının çoxunu kitab oxumaqla keçirirdi. Saraydakıların ümumi rəyinə görə, ölkənin ən nəcib və xeyirxah insanı adına layiq olan bu qoca idi.
Padşahı maraq bürüdü. O, təəccüblə baş vəzirdən soruşdu:
- Axı onun başqalarından fərqi nədir? Niyə ölkənin ən nəcib və xeyirxah adamı məhz bu qoca olmalıdır?
Vəzir ehtiramla dedi:
- Şah sağ olsun. Siyahıdakı doqquz adamın etdiklərini eşitdiniz. Biz bu adamlarla da söhbət etdik. Məlum oldu ki, bu doqquz adama dərs deyən, onları həyata hazırlayan bu müdrik müəllim imiş. Onlar həyatda qazandıqları uğura görə məhz bu müəllimə minnətdar olduqlarını bildirdilər. Biz də qərara gəldik ki, ölkənin ən nəcib və xeyirxah insanı adına layiq olan məhz bu qoca müəllimdir.