NƏQLİ ESSENİN YAZISINA HAZIRLIQ:
MƏTNİN ELEMENTLƏRİNİN YARADILMASI
Məktəbli dost! Siz nəqli essenin yazısına verilən tələbləri bilirsiniz və ötən dərs ilində sizdən cəsarətli olmağı tələb edən bir hadisə ilə bağlı esselər də yazmısınız. Belə mətnlərin, əsasən, beş elementdən ibarət olduğunu da artıq bilirsiniz. Nəqli esse yazan zaman bu elementlərin nəzərə alınması zəruridir. Bu dərsdə bütün xüsusiyyətlərini nəzərə almaqla nəqli esse yazacaqsınız.
Tapşırıq.
1. Siz həyatda ailə üzvlərinizin, yoldaşlarınızın, qonşularınızın münasibətində ədalətsizliyin şahidi olmusunuzmu? Ədaləti bərpa etmək üçün nə etmisiniz? Bu hadisə barədə bir esse yazın.
2. Yazıya başlamazdan əvvəl hazırlıq işləri aparın:
Qeydlər aparmaq üçün zəruri məsələləri unutmamısınız ki?
— Hadisələr harada və nə zaman baş verir?
— Hadisələrin əsas iştirakçıları kimlər olacaq?
Bu elementi siz artıq əvvəlki yazıya hazırlıq mərhələsində işləmisiniz. Həmin qeydlərinizi nəzərə alın;
— Essedə nədən bəhs ediləcəyi barədə qeydlər götürün. Nədən bəhs edildiyini aydınlaşdırarkən essenin mövzusunu müəyyən etmiş olacaqsınız;
— Oxucunun diqqəti hansı problemə və onun həllinə yönəldiləcək? Bu problem nəyə görə sizin üçün əhəmiyyətlidir?
— Essenin süjet xəttini necə təsəvvür edirsiniz? Bu elementi də siz yazıya hazırlıq mərhələsində artıq işləmisiniz. Tərtib etdiyiniz həmin nümunəyə bir daha nəzər salın. Hər hansı dəyişiklik, yaxud təkmilləşmə işlərinə ehtiyac duyularsa, yerinə yetirin. Bundan sonra həmin qeydləri elementlərdən biri kimi daxil edin.