I. Yaxşı olardı ki, problemin həllinə nail olmağa imkan verən əsəri özünüz müstəqil şəkildə seçəsiniz. Oxu qaydalarına əməl etməklə əsəri oxuyasınız. Sonra isə təqdim edilən məsələlər baxımından araşdırmalar aparasınız. Əgər uyğun bədii nümunə tapmaqda çətinlik çəksəniz, növbəti səhifələrdə verilmiş bədii nümunələrdən birini seçib layihə üzərində işləyin.
II. Araşdırmalar apararkən istifadə etdiyiniz bütün iş vərəqlərini, cədvəl və sxemləri qovluqda toplayın. Həmin nəticələrdən çıxış edərək adi və ya elektron təqdimat (Power Point və b.) hazırlayın. Tədqiqatlarınızın nəticələrini yoldaşlarınıza təqdim edin. Qarşılıqlı dinləmədən sonra qruplardan birinin araşdırmalarının nəticələrinə dair rəy-inşa hazırlayın. Bölgünü elə aparın ki, hər qrupun layihəsinə dair rəy-inşa yazılmış olsun. Rəyləriniz oxunandan sonra fikir mübadiləsi aparın.
III. Altı qrupa bölünün. Əsərlər nəqletmə-təsviri xarakterlidir.
Üzü pəncərəyə dayanmış Ağabəyim ağa əlindəki zərif tikməli ipək dəsmalla gözlərinin yaşını sildi. Günəş gah buludların arxasından çıxıb azacıq özünü göstərir, gah da yenidən buludun arxasına çəkilib gizlənirdi. Günəş yox olan kimi də qapqara bulud layı sakitcə irəliyə çıxaraq yamyaşıl çəmənin bir parçasına qara kölgə çəkirdi. Ağabəyim ağa diqqətlə günəşlə buludun yerdəyişməsini seyr edir, özlüyündə bu mübarizəni xeyirlə şərin oyununa bənzədirdi. Pəncərənin önündəki ağaca qonmuş sərçələr də qara kölgə yaxınlaşanda məyus-məyus ətrafa boylanır, boz quyruqlarını ağacın tilişkəli gövdəsinə çırpıb darayırdılar.