Atası cəbhəyə gedəndən sonra Fərid yenicə ayaq açmışdı. Dil açsa da, hələ bircə sözü də aydın deyə bilmirdi. Ancaq tanıyırdı ki, anası kimdir, nənəsi kimdir. Ağlayanda onların qucağına gedən kimi kiriyirdi.
Fərid əməlli-başlı danışanda isə atası İbrahim onlardan çox- çox uzaqlarda, cəbhədə idi, faşistlərlə vuruşurdu.
İbrahim evə məktub yollayanda yazırdı ki, mənim əvəzimdən Fəridi öpün. Nənəsi də, anası da dönə-dönə Fəridin üzündən öpürdülər. O buna adət eləmişdi. Fərid atasını balaca ikən gördüyü üçün yadına sala bilmirdi.
İbrahim cəbhəyə gedəni evə iki şəkil göndərmişdi. Birincidə başı açıq idi. Köynəyinin yaxasından iki cərgə orden, medal asılmışdı. Fərid onları saymışdı, altı dənə idi. O birində isə başında qulaqlı papaq, əynində qoyun dərisindən gödəkcə vardı. Dayanmışdı təkərləri bir qarış qara batmış topunun yanında. Topun lüləsinə ağ rənglə bir biçimdə altı ulduz şəkli çəkilmişdi. Fərid anasından öyrənmişdi, bu o deməkdir ki, atası döyüşlərdə faşistlərin altı tankını vurub.
Bir gün səhər tezdən radio hamıya şad xəbər verdi: “Müharibə qurtardı! Qələbədir!”
Fəridin nənəsi də, anası da bir-birinə qoşulub ağladılar. O buna mat qalıb soruşdu:
— Niyə ağlayırsınız?
Onlar ikisi də gözlərinin yaşını silib gülümsədilər. Fərid o gün birinci dəfə bildi ki, insanlar ürəkdən sevinəndə gözləri də yaşarır.
O səhər — qırx beşinci ilin Doqquz may günü evlərdə, küçələrdə hamı deyib-gülür, fərəhlə bir-birini təbrik edirdi. Onda Fərid anladı ki, qələbə çox yaxşı şeydir. O gələndə hamı sevinir, lap çox sevinir. Fərid kənddəki adamların belə sevindiklərini görməmişdi.
Sonra atalar bir-bir cəbhədən qayıtdılar. Qonşulardan davadan qayıtmayan əmilər də oldu. Böyüklər danışırdılar ki, onlar vuruşmalarda vətən yolunda canlarından keçmişlər. Axı qələbə qurbansız olmur.
Bir səhər tezdən Fərid şirin yuxuda idi. Evlərində səs-küy qopdu. O diksinib ayılanda gördü ki, aynabənddə uca boylu, boz şinelli, papağı ulduzlu bir kişini bir tərəfdən nənəsi, o biri tərəfdən anası qucaqlayıb. Onlar yenə də ağlayırlar. O gün qələbə xəbərini eşitdikləri gündə olduğu kimi. Əsgərin də gözləri dolub.
Fərid yuxulu gözlərini ovuşdurdu. Əsgərə bir də baxdı. Bu onun şəkildə gördüyü kişi idi, atası, öz atası, nə vaxtdan bəri yolunu gözlədiyi, həsrətini çəkdiyi atası!