Bir şər yatandan sonra yuxudan ayıldılar. Böyürlərinə baxdılar, gördülər qurdun böyrü yağlıdı.
Tülkü dedi:
— Yağı, halvanı özün yemisən, mənim üstümə atırsan.
Qurd bir söz demədi. Çox hirsləndi. Hirsindən evdən çıxıb getdi. Ev tülküyə qaldı. Tülkü isti evdə keflə qışı keçirtdi.
Bir şəhərdə iki qonşu var imiş, biri tacir imiş, o biri əkinçi. Bunların hərəsinin iki oğlu var imiş. Tacirin oğlanları həm fərasətsiz, həm də yaman dəcəl imişlər. Elə işləri, peşələri ona-buna sataşmaq imiş. Amma əkinçinin oğlanları ağıllı, zəhmətkeş, başıaşağı imiş. Bu kişinin bütün var-dövləti bircə cüt öküzü var imiş. Kişinin böyük oğlu evli imiş, kiçiyi subay.
Ay dolanır, il keçir, kişi canını oğlanlarına tapşırıb ölür. Ataları öləndən sonra iki qardaş bir müddət bir yerdə dolanırlar. Amma böyük qardaşın arvadı hey ərinin baş-beynini aparıb giley eləyir:
— Qardaşın böyüyüb yekə oğlan olub. Nə vaxtacan bizimlə bir yerdə qalacaq. Ona de ki, çıxıb getsin. Özünə ayrı yerdə ev-eşik düzəltsin.
Arvad nə qədər deyirdisə, əri qardaşından ayrılmaq istəmirdi. Amma arvad əl çəkmirdi ki, çəkmirdi. Axırda əri əlacsız qalıb kiçik qardaşına dedi:
— Qardaş, görürəm bu arvad səni yola verməyəcək, mən də öhdəsindən gələ bilmirəm. Yaxşısı budur gəl səni ayırım, sənin də canın rahat olsun. Mən də onun danlağından qurtarım. Arxayın ol, səni ayırsam da, gözüm üstündə olacaq.
Kiçik qardaş razı oldu. Var-yox, atalarından qalan iki öküzləri var idi. Onu da bölüşdülər, hərəsinə biri düşdü. Qardaşlar bir neçə ay ayrı yaşadılar.
Ay dolandı, gün keçdi, əkin əkmək vaxtı gəlib çatdı. Böyük qardaş baxıb gördü bir öküznən heç bir iş görə bilməyəcək. Əlacı kəsilib gəldi kiçik qardaşının yanına, dedi: