ƏLAVƏ №1
Oxu testləri üzrə işin təşkili
I. Özünüzü tənzimləyin. Testə ötəri nəzər salın. Yoxlama üçün neçə test verildiyini müəyyən edin. Hər bir suala neçə dəqiqə ayıra biləcəyiniz üzərində düşünün. Hər beş-on dəqiqədən bir vaxta nəzarət edin. Ehtiyac yarandığı halda işin sürətini daha da artırın.
II. Diqqətlə oxuyun. Verilən təlimatları və ya hər hansı giriş sözü diqqətlə oxuyun. Sonra bütün diqqətinizi testlə əlaqəli mətn üzərində cəmləyin. Testdəki əsas söz və ya ifadələri başa düşdüyünüzə əmin olun. Test kitabçasında həmin əsas kəlmə və ifadələri digər vərəqdə qeyd edin.
III. Düşünün və təxminlər edin. “Deyil” və “başqa” kəlmələrinə diqqət yetirin. Tapşırığın şərtində belə sözlərin olması səhv olan və ya qalanlardan fərqli olan variantın seçilməsinə işarədir. Yayındıran, çaşdıran cavablarla, xüsusilə ehtiyatlı olun. Belə cavablar elmi baxımdan doğru olsalar da, soruşulan sualın cavabı olmurlar. Bütün cavabları diqqətlə oxumayınca heç vaxt seçim etməyin.
IV. Düşünün və təxminlər edin. Doğru olmadığına əmin olduğunuz cavabları kənarlaşdırın. Sonra yerdə qalan cavablar üzərində düşünərək doğru cavabı müəyyən edin. Heç vaxt təsadüfi cavablar seçməyin. Onu da unutmayın ki, sizin cavablarınız testlə əlaqəli mətndə təqdim edilən məlumatlarla bağlı olmalıdır. Cavabları mətndən çıxış edərək deyil, öz ilkin biliklərinizə əsasən müəyyən etsəniz, yanlış variant seçmiş olarsınız.
V. Davamlı irəliləyin. Çətin hesab etdiyiniz suallar üzərində düşünməyə çox vaxt sərf etməyin. Yerinə yetirə biləcəyiniz tapşırıqlara doğru irəliləyin. Sonda vaxtınız qalarsa, ötürüb keçdiyiniz tapşırıqlara yenidən dönərsiniz.