Abid — ibadətlə məşğul olan adam, vaxtını ibadətlə keçirən adam.
Abşeron — Azərbaycanda, Xəzər dənizinin qərb sahilində ən böyük yarımada. Böyük Qafqazın cənub- şərq qurtaracağındadır. Bakı şəhəri və ətraf kəndləri Abşeron yarımadasına daxildir. Sözün etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri “Abşeron”un farsca ab (su) və şoran (duzlu) sözlərindən əmələ gəldiyini güman edirlər.
Alatava — Bakıda yüksəklik. “Ala” (böyük) və “tava” (yastı səthli iri daş) sözlərindən düzəlib, “Yastı səthli iri daşlardan ibarət olan yer” deməkdir.
Artilleriya — müxtəlif quruluşlu və ölçülü toplar.
Ar bilmək — özü üçün əskiklik, eyib bilmək, izzəti-nəfsini gözləmək.
Avaz — 1. Səs, səda. 2. Hava, ahəng.
Ayğır — döllük erkək at.
Ayrım — Azərbaycanın Gədəbəy, Daşkəsən, Tovuz, Qazax və b. rayonlarının dağlıq yerlərində yaşayan azərbaycanlıların adı və onlara mənsub adam.
Babil qülləsi — e.ə. II minilliyin əvvəllərində Babilistan dövlətində yerləşən, yaşı bilinməyən bir qüllə.
Baldırğan — iriyarpaqlı, uzunboy, zəhərli bir bitki. Baldırğan bir qədər acı dadsa da, yeməli bitkidir.
Bayıl — Bakının Bayıl burnu yaxınlığında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan—Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi zamanı gah dənizin üzünə çıxıb, gah da sulara qərq olaraq görünməz olub.
Bəd — pis, xarab, yaman.
Bədoy — sağlam, qaçağan və köhlən at.
Bəhrə — meyvə, məhsul, bar.
Bənna — binanın daş, kərpic hissəsini tikən usta.
Bəniz — üz, çöhrə, sifət.
Bərəçi — bərəni idarə edən şəxs, salçı.
Bərq vurmaq — parlamaq, par-par parıldamaq, işıqlanmaq, işıldamaq.
Bəşər — insan, adam.
Bibiheybət — Bakının Səbail rayonunda qəsəbə. Abşeron yarımadasında, Xəzər dənizi sahilindədir.
* 1. Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. “Şərq-Qərb”, Bakı, 2006 və Azərbaycan toponimlərinin ensiklopedik lüğəti əsasında tərtib olunmuşdur.