HİKMƏT ZİYA. “QARABAĞDA”
(BƏDİİ ƏSƏRLƏRDƏ TƏSVİR VASİTƏLƏRİNİN
ƏLAQƏLƏNDİRİLMƏSİ)
Tapşırıq 1.
1-ci cədvəldən istifadə etməklə oxuya hazırlıq işləri aparın (səh. 14). Əlaqələndirilmiş təsvir vasitələrini müəyyən etmək məqsədilə əsəri diqqətlə oxuyun. Belə nümunələri aşkar etdikcə 14-cü cədvələ uyğun qeydlər aparın.
Cədvəl 14
Hiss və bədii təsvir | |
Fakt və bədii təsvir | |
Fakt və hissin təsviri | |
Hiss, fakt və bədii təsvir | |
Məktəbli dost! Bədii nümunələrdə əşya və hadisələr təsvir edilərkən ayrı-ayrı məqamların təsviri yolları ilə tanış oldunuz.
Öyrəndiniz ki, bədii təsvirin, hisslərin və faktların təsviri yazının əsas şərtlərindəndir. Bədii əsərlərdə hansı məqamın təsvir edildiyini müəyyən etmək istərkən bəzən suallar qarşısında qalırdınız. Görəsən, “Şiş qayalardan şırıltı ilə tökülən şəlalənin səsindən qulaq tutulurdu” cümləsində hansı məqam təsvir edilib? Düşündürücüdür. “Şiş” epitetdir, yəni bədii təsvirdir, “şırıltı ilə axan şəlalə” hissin təsviridir, eşitmə ilə bağlıdır. Bu cümləni hansı təsvirə aid etmək olar? Əlbəttə ki, hər ikisinə. Yəni təsvir edilən ayrı-ayrı məqamlar bir fikirdə əlaqələndirilib.