YAZILMIŞ TƏSVİRİ MƏTNİN YOXLANMASI, TƏQDİMATI
Yazı zamanı, adətən, yol verdiyiniz səhvlər!
Yazıda başlıca fikrin olmaması. Esseni yazarkən bütün diqqət oxucuya çatdırmaq istədiyiniz bir əsas fikrə yönəlməlidir. Bəzən şagirdlər mətnə mümkün qədər çox təsvir vasitələri daxil etmək üzərində düşünürlər. Bu zaman başlıca fikir nəzərdən qaçırılır, kiçik fikirlər əlaqələndirilmir və təsadüfi xarakter daşıyır.
Çoxsaylı təyinlərdən istifadə. Təsvir edilən əşya, insan, məkan, yaxud hadisə ilə bağlı öz fikir və hisslərini ifadə etmək əvəzinə, çoxlu sayda əhəmiyyətsiz təyinlər işlədilir.
Mənfi xüsusiyyətləri təsvir edərkən ehtiyatlı olmaq. Bu zaman söz seçimində diqqətli olmaq lazımdır. Məsələn: “Arzu çox əsəbi adamdır”, — deməkdənsə, “Yoldaşları çox zaman Arzunun əsəbi olduğunu görürdü” kimi demək olar.
Tapşırıq 1.
Yazdığınız esseni həm məzmun, həm də mətnin təşkili baxımından yoxlamaq üçün 17-ci cədvəldən istifadə edin.
Qeyd: Cədvəlin sol sütunundakı suallar mətnin məzmunu və təşkili üzrə aparılmış işi qiymətləndirməyə imkan verir. Orta sütundakı məsləhətlər problemlərin aşkar edilməsində sizin ən yaxşı bələdçinizdir. Hər hansı dəyişiklik etmək istədikdə isə sağ sütunda verilən üsul və texnikalar yardımçınız olacaq.