“KİMDİR ƏLİL?”
KAMAL TURAN. “ÜÇ NƏFƏRİN İMTAHANI”
(BƏDİİ ƏSƏRLƏRDƏ NƏQLETMƏ)
Məktəbli dost! Boş vaxtınızda digər əyləncə növləri ilə yanaşı, televiziya, yaxud internet səhifələrində maraqlı bir film izləməkdən imtina etməzsiniz, elədirmi? Siz cizgi, bədii filmlərə tamaşa edərkən əylənməklə yanaşı, müxtəlif məsələlərlə bağlı həyat dərsi də alırsınız. Təsəvvür edin ki, 60—70 il əvvəl nə televizor, nə də internet var idi. Bu gün mövcud olan əyləncə növlərinin əksəriyyəti də o zaman yox idi. Bəs əsrlərlə insanlar boş vaxtlarını necə keçiriblər, necə əyləniblər?
O zaman oxu və yazı bacarıqları olmayan, lakin yaxşı hafizəsi və nəqletmə bacarıqları olan insanlar eşitdiklərini başqalarına danışmışlar. Savadı olanlar isə yazılı bədii nümunələri oxuyaraq digər insanlara nəql etmişlər. Qədim dövrlərdən başlayaraq nağıllar, əfsanələr, rəvayətlər, sonralar ayrı-ayrı yazıçı və şairlər tərəfindən qələmə alınmış əvəzsiz nəqletmə xarakterli bədii nümunələr məhz bu ehtiyacdan yaranmışdır. Belə əsərləri oxuyan oxucu həm əylənir, oxuduğu əsərdən zövq alır, həm də məlumatlanır.
Siz elm və texnologiya erasının sakinlərindənsiniz. Bu gün mövcud texnologiyalar daha təkmil, onlardan istifadə daha rahat ola bilər. Amma bütün bunlar oxunun və oxudan alınan bədii zövqün əhəmiyyətini azalda bilməz.