RƏŞİD BƏY ƏFƏNDİYEV. “ELM TÜKƏNMƏZ XƏZİNƏDİR”
“ŞAH ABBAS VƏ İKİ VƏZİR”
(İNDİYƏ QƏDƏR HANSI OXU BACARIQLARINA YİYƏLƏNMİŞİK?)
Məktəbli dost! Keçən dərs ilində siz artıq oxunun təşkili ilə bağlı bir çox mühüm bacarıqlara yiyələnmisiniz. Yeni dərs ili başlanır. Qarşıda öyrənəcəyiniz nə qədər maraqlı və faydalı məsələlər var. Əvvəlcə gəlin indiyə qədər nəyə nail olduğumuzu yoxlayaq. Nəzərdə tutulmuş məsələləri mənimsəmisinizmi? Keçən il siz oxu testlərinin yerinə yetirilməsi ilə bağlı təlimatlar da almışdınız. Əgər onları xatırlamağa ehtiyac varsa, dərsliyin sonundakı “Əlavələr” bölməsinə daxil edilmiş həmin təlimatlarla bir daha tanış ola bilərsiniz. Bundan ötrü verilən bədii nümunələri diqqətlə oxuyun ki, tapşırığı yerinə yetirə biləsiniz.
I. “Elm tükənməz xəzinədir” başlıqlı mətni oxuyun. Tapşırıqları yerinə yetirin.
Elm tükənməz bir xəzinədir. Bu bir xəzinədir ki, onu sandıqda saxlamağa və qorumağa ehtiyac yoxdur. Elm bir dövlətdir ki, onu nə itirmək, nə də oğurlatmaq mümkündür. Bu səbəbdən onun qədir və qiyməti hər bir şeydən alidir. Çünki elm bu halda puldan və paradan zəngin, topdan və tüfəngdən ötkün, xəncərdən və qılıncdan kəskindir. Nəcabət və hörmət bu halda o kəsdədir ki, onun mükəmməl surətdə elmi və məlumatı vardır. Hər şey sərf və xərc olunduqca tükənir və əskilir, amma elm sərf olunduqca həddən ziyadə artır. Bir nəfər alim şəxs elmini sərf etsə, özündən başqa neçə yüz alim meydana gətirər, həm də öz elm və məlumatını ziyadələndirər. Hər alim bir şama bənzər ki, ondan neçə-neçə şamlar yandırmaq mümkündür. Bir şamın nuru başqa şamları alovlandırmaqla özü kimi çox-çox çıraqlar və məşəllər törədər.