əlil deyəndə ağlımıza əlsiz-qolsuz, danışa, görə bilməyən insanlar gəlir. Amma xəstəlik və ya əmək qabiliyyətini itirən, həmçinin anadangəlmə fiziki qüsuru olan şəxslər də əlil hesab edilir.
Əlil insanlar xüsusi qayğıya ehtiyacı olan insanlardır. Bəzən elə olur ki, insanlar haradasa bir əlil görəndə onu barmaqla göstərir, ətrafına yığışıb baxır, müşahidə aparırlar. Biri onun halına acıyır, digəri yardım etmək istəyir. Ancaq elə insanların çarəsiz hesab edilməsi doğru deyil. Bu, çox xoşagəlməz bir haldır. Əlil insanlar olduqları vəziyyətdə belə həyatın müxtəlif sahələrində yüksək nəticələr əldə edə bilərlər.
Əlillik insanları cəmiyyətdən təcrid olunmuş hala gətirir. Onlar həddindən artıq utancaq olurlar, insanların arasına çıxmaqdan çəkinirlər. Lakin fiziki əlil hələ mənəvi əlil deyil. Əslində, bunlar zahiri əlillikdir. Gerçək əlillər iradəsiz, aciz, yaşamaq üçün hər cür cəhddən, zəhmətdən, çalışqanlıqdan imtina edənlərdir. Gerçək əlillik başqasına yük olmaqdır və bu haldan xoşlanmaqdır. Görəsən, belələri əlləri, ayaqları, dili, gözü, qulağı və s. sağlam yarandığına görə nə qədər şükür etməli olduqlarını anlayırlarmı? Özlərinə və ətrafdakılara faydalı ola bilmək üçün nə qədər geniş imkanları olduğu barədə fikirləşirlərmi? Ya sağlam və gümrah olduqları üçün qürur duyurlar? Belələri varsa, onda o insanlar əsl əlildir — mənəvi əlil.