“AĞILLI UŞAQ”
(Azərbaycan xalq nağılı)
(NƏQLİ MƏTNLƏRDƏ OBRAZLAR VƏ
ONLARIN BAŞLICA XÜSUSİYYƏTLƏRİ)
Gəlin düşünək!
Aşağıda təqdim edilən iki məqama diqqət edin. Onlar arasında oxşar və fərqli cəhətlər üzərində düşünün. Fərziyyələrinizi qeyd edin. Yoldaşlarınızla müzakirə edin:
— Bədii əsərdə insanın təsviri;
— Bədii əsərdə obrazın təhlili.
Tapşırıq 1.
1. Oxuya hazırlıq işləri aparın. Əsəri oxuyun. Oxuyarkən diqqət edin: bu əsərdə insanın təsvirinə yer verilmişdirmi?
2. 11—12-ci cədvəllərdən istifadə etməklə (səh. 41,42) qoca və oğlan obrazlarının xarici görkəmləri və ictimai varlıq olaraq səciyyəvi cəhətlərinin təhlili ilə bağlı qeydlər aparın.
(Azərbaycan xalq nağılı)
Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir xan var idi. Xan hər dəfə bir bəhanə eləyib yan-yörədəki kəndləri, şəhərləri talan eləyir, əhalinin var-yoxunu əlindən alırdı. Xan yaşadığı şəhərə
bitişik bir kənd var idi. Oranı tutmaq çox çətin idi, çünki kənddə dünyagörmüş, ağıllı qocalar xanın hiylələrinə hər dəfə cavab verir, onu məğlub edirdilər.
Günlərin birində xan öz adamlarını başına yığıb həmin kəndi tutmaq üçün tədbir istədi. Xanın baş məsləhətçisi dedi:
— Nə qədər ki həmin kənddə ağıllı, dünyagörmüş adamlar var, oranı tutmaq çətin olacaq. Yaxşısı odur ki, əvvəlcə onları bəhanə ilə aradan götürək, sonrası asandır.
Xan bu təklifi bəyəndi, elə həmin günü öz adamlarını yanına çağırtdırıb tapşırıq verdi ki, nə təhər olur-olsun, gedib o kəndin başbilən adamlarını, qocalarını aldadıb bura gətirərsiniz.