Obrazın təhlili zamanı müəllifin obraz haqqında əsərə daxil etdiyi fakt və məlumatlar seçilib ayrılır, onlar üzərində düşünülüb nəticələr çıxarılır.
Obrazla bağlı fakt və məlumatlar nə qədər uğurlu təsvir edilərsə (təsviri xarakterli mətnlərdə) və ya onun haqqında danışılarsa (nəqli xarakterli mətnlərdə), təhlil imkanı da o qədər geniş olar.
Tapşırıq 5.
1. Bədii nümunələri janr xüsusiyyətlərinə görə müqayisə edin, öyrəndiyiniz yeni sözlərdən nitqinizdə istifadə edin. Fərqli fikirlərə diqqətlə yanaşın.
2. 3-cü cədvələ əsasən (səh. 17) “Oxudan sonra” təlimatını yerinə yetirin.
Yaradıcı tətbiqetmə:
Əlavə oxu materiallarından marağınıza uyğun olan bir mətni oxuyun. Təqdim edilmiş iş vərəqindən istifadə etməklə əsas obrazı təhlil edin.
NƏRİMAN SÜLEYMANOV. “BİRİNCİ CIĞIR”
(ƏSƏRDƏKİ OBRAZLARIN BAŞLICA XÜSUSİYYƏTLƏRİ
BAXIMINDAN MÜQAYİSƏSİ)
Bəzi bədii nümunələrdə obrazlar xarici görünüşü, ictimai vəziyyəti baxımından incəlikləri ilə təsvir edilir. Bəzilərində isə obrazların iştirakı ilə baş verən hadisələr haqqında danışılır. Siz artıq təsviri xarakterli mətnlərdə təsvir edilən, nəqli xarakterli əsərlərdə haqqında danışılan obrazları araşdırmağın yollarını bilirsiniz. Siz, həmçinin obrazların xüsusiyyətlərini ümumiləşdirməklə onlar haqqında mühakimələr də yürütməyi öyrənmisiniz. İndi isə bir əsərdə iki obrazın təhlili ilə bağlı zəruri fəaliyyətləri yerinə yetirəndən sonra onlar haqqında gəldiyiniz qənaətləri qarşılaşdıracaq, mühakimələrinizi əsaslandıracaqsınız. Bu, insanların xüsusiyyətlərindən çıxış edərək onlar haqqında qənaətə gəlmək, münasibətinizi düzgün qurmaq üçün əhəmiyyətli həyati bacarıqdır. Elə əsərlər var ki, orada obrazlar dəqiqliklə təsvir edilmir. Sadəcə, onlar haqqında danışılır. Beləliklə, obrazlar oxucuya müxtəlif şəkildə təqdim edilə bilər.