10. SLAYDLARLA İŞ
Ötən dərsdə “Yer kürəsi” mövzusunda edəcəyiniz təqdimatın planını qurdunuz. İndi gəlin həmin plan əsasında elektron təqdimat hazırlayaq. Planın hər bir bölməsini ayrıca slaydda verək. Təqdimatın maraqlı olması üçün hər slaydda informasiyanın növündən asılı olaraq fərqli maketlərdən istifadə edək. Bəs təqdimat proqramlarında hansı hazır maketlər var?
Proqramın baş pəncərəsinin sağ hissəsində Tapşırıqlar paneli (Tasks pane) açılır. Bu panel bir neçə səhifədən ibarətdir. Onlardan biri də Layouts (Maketlər) panelidir.
Təqdimat proqramında maket dedikdə, slaydda olan elementlərin, məsələn, başlığın, mətnlərin, siyahıların, şəkil və diaqramların yerləşməsi nəzərdə tutulur. Bu elementləri bir-birinə nəzərən müxtəlif cür yerləşdirmək olar. Layouts panelində slayd üçün müxtəlif variantlar təklif olunur. Slaydın məzmunundan asılı olaraq uyğun variant seçmək olar.