2. MUSİQİDƏ EMOSİONALLIQ
Müxtəlif xarakterli musiqi əsərləri insanda müxtəlif əhvali-ruhiyyə yaradır. Əsər şən, rəqs xarakterlidirsə, onu dinləyəndə insanda şən, qəmlidirsə - qəmli, mübariz ruhludursa - mübariz emosional əhvali-ruhiyyə yaranır. Musiqi insanda yaşamaq, qurub-yaratmaq, sevmək hissləri oyadır. Bəzən insanlar müəyyən bir işi görməmişdən əvvəl çox sevdiyi musiqiyə qulaq asırlar.
Azərbaycanın məşhur cərrahı, professor Mustafa Topçubaşov cərrahiyyə əməliyyatından əvvəl Fikrət Əmirovun “Şur”, “Kürd-Ovşan” simfonik muğamlarından və “Heyratı” Azərbaycan zərbi-muğamından parçaları dinləyirdi. Professorun ən çox xoşladığı əsərlərdən biri Üzeyir Hacıbəylinin “Koroğlu” operası idi.
Notla oxuyaq
“Heyratı” zərbi-muğamından bir parça
XX əsrin məşhur rus cərrahı Sergey Yudin ən ağır cərrahiyyə əməliyyatından əvvəl dahi rus bəstəkarı Pyotr Çaykovskinin “6-cı simfoniya”sını dinləyirmiş.
Musiqi dinləyək
P.Çaykovskinin “6-cı simfoniya”sının
I hissəsindən köməkçi mövzu
Pyotr Çaykovskinin “6-cı simfoniya”sının I hissəsindən köməkçi mövzu lirik, həzin xarakterli və insanı düşündürən bir musiqi parçasıdır. Xanə ölçüsü 4/4, yəni dörd çərəkdir.