Araşdırma: |
Düzbucaqlının sahəsi 60 sm2, tərəflərindən birinin uzunluğu x sm-dir. Düzbucaqlının ikinci tərəfinin uzunluğu nə qədərdir? |
Həlli: Axtarılan tərəfi y hərfi ilə işarə etsək, onda y = 60 : x olar.
x-in müxtəlif qiymətləri üçün y müxtəlif qiymətlərə malik olar:
x = 2 olarsa, y = 30; x = 15 olarsa, y = 4 olar.
Burada axtarılan tərəfin uzunluğu verilmiş tərəfin uzunluğundan asılıdır.
Araşdırmada göstərilən nümunədə bir kəmiyyətin qiymətinin dəyişməsi ilə digər kəmiyyətin uyğun qiyməti də dəyişir. Birinci dəyişənin hər bir qiymətinə ikinci dəyişənin yeganə qiyməti uyğundur, x və y arasındakı bu asılılığı y = 60 : x düsturu ilə verdik. Burada x sərbəst dəyişən, y isə asılı dəyişəndir.
x dəyişəninin hər bir mümkün qiymətinə
y dəyişəninin müəyyən qanunauyğunluqla
yalnız bir qiyməti uyğun olarsa,
y-in x-dən belə asılılığına funksiya deyilir.
Burada x arqumentin, y isə funksiyanın qiymətidir.
Düzbucaqlının sahəsi 120 m2, tərəflərindən biri x m-dir. y tərəfinin tapılması üçün düstur yazın. Bu düsturda x və y arasındakı asılılığı müəyyən edin.