Araşdırma: Kağız vərəq üzərində düz xətt çəkib, həmin düz xətt boyunca vərəqi qatlayaq. İynə götürüb vərəqi deşək. Vərəqi açdıqda qatlama xəttindən müxtəlif tərəflərdə iki nöqtənin (deşik) alındığını görərik. Onda deyirlər ki, alınmış nöqtələr qatlama xəttinə nəzərən simmetrikdir. Qatlama xəttinə isə simmetriya oxu deyəcəyik. Bu iki nöqtəni birləşdirək. Alınmış parça qatlama xəttinə perpendikulyar olub, onunla yarıya bölünür.
Düz xəttə nəzərən verilmiş nöqtəyə simmetrik nöqtənin qurulması alqoritmi:
1) | c düz xətti və onun üzərində olmayan A nöqtəsi götürək. |
2) | A nöqtəsindən c düz xəttinə perpendikulyar düz xətt çəkək. |
3) | Düz xəttin c ilə kəsişmə nöqtəsini qeyd edək (O nöqtəsi). |
4) | O nöqtəsindən başlayaraq OA düz xətti üzərində OA parçasına bərabər olan OB parçasım ayıraq. |
5) | Alınan B nöqtəsi c düz xəttinə nəzərən A nöqtəsinə simmetrik nöqtədir. |
c düz xətti AB parçasının ortasından keçir və ona perpendikulyardır. A və B nöqtələrinə c düz xəttinə nəzərən simmetrik nöqtələr deyilir, c düz xətti isə simmetriya oxu adlanır. Əgər iki fiqur hər hansı oxa nəzərən qarşılıqlı simmetrik nöqtələrdən təşkil olunubsa, bu fiqurlara həmin oxa nəzərən simmetrik fiqurlar deyilir. Hər hansı ox fiquru iki simmetrik fiqura ayırırsa, belə fiqur həmin oxa nəzərən simmetrik fiqur adlanır.