Hadisəni hər hansı şərt daxilində araşdıraq. Tutaq ki, oyun zərini bir dəfə atırıq. Bu zaman yuxarı üzə 1, 2, 3, 4, 5 və ya 6 xallarından biri düşə bilər. Bu hadisələrin hər biri eyniimkanlı hesab edilir.
Tutaq ki, düşən xalın 4-dən böyük olması şərti qoyulmuşdur. Bu hadisə 2 halda baş verə bilər: 5 və ya 6 xalının düşməsi.
Verilmiş şərtə görə yuxarı üzə 5 və ya 6 xalının düşməsi əlverişli hal hesab edilir.
Nümunə 1: Zərin atılması zamanı 4-dən böyük xalın düşmə hadisəsinin əlverişli hallar sayı neçədir?
Həlli: | Zərin bir dəfə atılmasında 6 mümkün hal var. 4-dən böyük xallar 5 və 6 olduğu üçün əlverişli halların sayı 2-dir. |
Nümunə 2: | İki zər atılır. Yuxarı üzə düşən xalların cəminin 7 olması hadisəsi üçün əlverişli hallar sayını tapın. |
Həlli: | Bilirik ki, iki zərin bir dəfə eyni zamanda atılması zamanı 36 mümkün hal mövcuddur. Yəni birinci zərin hər bir üzü ikinci zərin hər üzü ilə düşə bilər (Məsələn: 1 və 1; 1 və 2; 1 və 3; 1 və 4; 1 və 5; 1 və 6; 2 və 1.... Belə hadisələrin sayı hər üz üçün 6-dır. 6 x 6=36) Yuxarı üzə düşən xalların cəmi 7 olanlar: (1, 6); (2, 5); (3, 4); (4, 3); (5, 2); (6, 1) olar. Xallar cəminin 7 olması hadisəsi əlverişli hal hesab edilir və onların sayı 6-dır. |