|
Siz mexanikləşdirilmiş hansı mətbəx avadanlığını tanıyırsınız?
|
Ən geniş yayılmış mətbəx avadanlıqlarına mexaniki və elektrik ətçəkən maşını, qəhvəüyüdən, blender və s. aiddir.
Aşpazlıqda qiymə və ya çəkilmiş ətdən hazırlanmış yeməklər çoxdur və onlardan hər biri olduqca iştahaaçan, dadlı və gözəl görünüşlüdür. Bu yeməklərin hazırlanması üçün, ilk növbədə, çəkilmiş ət, yəni qiymə lazımdır. Qiyməni isə yalnız ətçəkən maşının köməyi ilə hazırlamaq olar.
Ətçəkən maşın əti xırdalamaq üçün mexaniki və ya elektromexaniki qurğudur. Ətçəkən maşın müxtəlif quruluşlu taxmaların (ağızlıqların) köməyi ilə bir çox digər əməliyyatları da yerinə yetirə bilər.
Mexaniki ətçəkən maşın çox ehtimal ki, hər evdə var, çünki müasir elektrik ətçəkən maşını çox yaxın keçmişdə meydana çıxıb. Amma bu vaxta qədər Azərbaycan mətbəxində çəkilmiş ətdən kotlet, lüləkabab, küftə, müxtəlif növ dolmalar və s. bişirilib. İndi bütün mənzillərdə müasir cihazlar – blender, mətbəx kombaynı və elektrik ətçəkən maşını olsa da, mexaniki ətçəkən maşın mətbəxdə məişət cihaz və texnikası arasında vacib yer tutur.
|
Elektrik ətçəkən maşınının quruluşu və iş prinsipi nədən ibarətdir?
|
Böyük gücə malik olmayan elektrik ətçəkən maşını bəzən sərt quruluşa malik ərzaqların xırdalanmasında çətinlik çəkir. Bu zaman mətbəxdə bu işin öhdəsindən məharətlə gələn mexaniki ətçəkən maşına ehtiyac duyulur.
Texnologiyalar inkişaf edir və insanlar elektrik ətçəkən maşınından geniş istifadə edirlər (şəkil 1). Elektrik ətçəkən maşınının iş prinsipi mexaniki ətçəkən maşında olduğu kimidir. Fərq ondadır ki, elektrik ətçəkən maşınında mexaniki dəstəyi elektrik mühərriki əvəz edir.