E.ə. VIII əsrdə Yunanıstanda kor şair Homer yunanların tarixini əks etdirən “İliada” və “Odisseya” poemalarını yaratdı. İki əsr müddətində şifahi şəkildə söylənən bu dastanlar e.ə. VI əsrdə yazıya alındı.
Din. Bütün qədim xalqlar kimi yunanlar da inanırdılar ki, təbiəti tanrılar idarə edir və onlar Olimp dağının zirvəsində, dəbdəbəli saraylarda yaşayır. Üç qardaş — Zevs, Poseydon və Aid dünya üzərində hakimiyyəti öz aralarında bölmüş: Zevs göydə, Poseydon dənizdə, Aid isə yeraltı ölülər səltənətində hökmranlıq edir.
Yunanların təsəvvürlərinə görə, Helios günəş tanrısı, Apollon incəsənət tanrısı idi.
Məktəb. Afinada uşaqların təhsil alması üçün məktəblər açılmışdı. Azad yunanların övladları 7 yaşından bu məktəblərə gedirdilər. Onlar hərfləri stil adlanan itiuclu metal çubuqla üzərinə mum çəkilmiş lövhələrdə cızırdılar. Stilin o biri ucu küt idi. Bununla yazılanı pozurdular.