Qranik, İss, Qavqamel döyüşləri, Faros mayakı
Yunan şəhər-dövlətlərinin tənəzzülü. Yunan şəhər-dövlətləri arasında çoxlu qənimət ələ keçirmək, dəniz ticarətində üstünlük qazanmaq üçün rəqabət gedirdi. Bu rəqabət Yunanıstanın iki ən qüdrətli şəhər-dövləti Afina ilə Sparta arasında uzunsürən müharibəyə səbəb oldu.
Afina—Sparta müharibəsi. E.ə. 431-ci ildə başlayan müharibə kiçik fasilələrlə e.ə. 404- cü ilə qədər davam etdi. Müharibədə Sparta qələbə çaldı. Bu müharibələr nəticəsində yunan şəhər-dövlətləri zəiflədi və sonralar qonşu Makedoniyanın hakimiyyəti altına düşdü.
Makedoniya dövləti. II Filipp. Makedoniya Balkan yarımadasının şimalında yerləşirdi. E.ə. IV əsrin ortalarında, II Filippin hakimiyyəti dövründə Makedoniya qüdrətli dövlətə çevrildi. II Filipp güclü nizami ordu yaratmışdı.
II Filipp zəifləmiş yunan şəhər-dövlətlərini tutmaq üçün müxtəlif üsullardan istifadə edirdi. Bir çox hallarda o, şəhər əhalisinin bir hissəsini pulla ələ alır, onlar da şəhər darvazalarını makedoniyalılar üçün açırdılar. E.ə. 338-ci ildə Xeroneya şəhəri yaxınlığında II Filipplə yunan orduları arasında həlledici döyüş oldu.