Parn qəbiləsi, selevkilər, arşakilər, II Mitridat
Dövlətin yaranması. Makedoniyalı İskəndərin vəfatından sonra sərkərdələri onun yaratdığı imperiyanı öz aralarında bölüşdürdülər. Selevk adlı sərkərdə Suriya və Babili ələ keçirdi. Sonrakı illərdə o, hakimiyyətini çox geniş ərazilərə yaydı, lakin çox çəkmədi ki, Selevkilər dövləti zəifləməyə başladı. Bu müddət ərzində dövlətin şərq vilayətlərində iki müstəqil dövlət yarandı. Bunlardan biri Parfiya idi.
Parfiya dövlətinin əsasını parn qəbilələri qoymuşdur. Bu qəbilələr ilk zamanlar Xəzər dənizi ilə Amudərya çayı arasındakı çöllərdə köçəri həyat sürürdülər. Onlar, əsasən, maldarlıqla məşğul olur və cins atlar saxlayırdılar. Sonralar isə oturaq həyata keçmiş, əkinçilik və üzümçülüklə məşğul olmuşlar.
E.ə. 247-ci ildə parn tayfasının başçısı Arşak özünü padşah elan etdi və Parfiya dövlətinin əsasını qoydu. O, bəzi ətraf əraziləri öz dövlətinə birləşdirdi. Parfiya dövləti tarixi ədəbiyyatda bəzən Arşakin şərəfinə Arşakilər dövləti də adlanır. Arşakilər Selevkilər dövlətinin zəifləməsindən istifadə edib Qərbə doğru geniş əraziləri işğal etdi.
Parfiya—Roma münasibətləri. Parfiya II Mitridatın hakimiyyəti illərində daha da qüvvətləndi. II Mitridat “şahlar şahı”, “böyük” titullarını qəbul etmişdi. Parfiya öz ərazisini Qərb istiqamətində genişləndirməkdə davam edirdi.