Şəhərin başı üzərinə yağan alovlu mərmilərdən
ürkərək meşəyə tərəf qaçmışdı. Atəş birdən
kəsildi. O, geriyə döndü. Doğma həyətə girdi. Həmişə
hay-küylü olan evdən səs-səmir gəlmirdi. Saatlarca
həyətdə vurnuxdu, o tərəf-bu tərəfə qaçaraq sahibini
axtardı, axtardı... tapmadı. Qapqara gözlərindən iki
damla yaş süzüldü. Ağlına sığışdıra bilmirdi ki, hər
gün onu tumarlayan əllər necə yox ola bilər?!
Sonra onu kiməsə satdılar. Yeni sahibi onu oxşayıb əzizlədi, qarşısına ot qoydu. Acından, az qala, dizləri bükülən at ağzını dərhal ota uzadıb tez də geri çəkdi, ağzına aldığı otu yerə tökdü. Ermənini fikir götürdü. Belə getsə, at acından ölə bilərdi. Axı onu İsveçrəyə gətirmək üçün bir ətək pul tökmüşdü ki, ayın sonu keçiriləcək cıdır yarışında iştirak etsin. Amma nə qədər çalışsa da, at ağzını heç nəyə vurmadan hey ətrafa boylanırdı. Sanki nəyisə, kimisə axtarırdı. Erməni yenə Qarabağdan ot və su gətirtməyə məcbur oldu. Otun iyini alan at dəli kimi kişnədi, əvvəlcə otu yaladı, sonra acgözlüklə yeməyə başladı. Suyu da bol-bol içəndən sonra dizlərini bükərək başını otun üstünə qoydu, qoxusunu içinə çəkməyə başladı. Erməni atı ram etmək üçün onunla Azərbaycan dilində danışmağa başladı.