Adilin özündən başqa iki qardaşı var. Üçü də məktəblidir. Hər səhər qardaşlar birlikdə məktəbə yollanırlar. Hər bazar ertəsi ata onlara cibxərcliyi verir. Böyük qardaşlar pulu alıb atalarına təşəkkür edirdilər. Adil isə pulun azlığından şikayətlənirdi.
Bir bazar ertəsi ata Adilə qardaşlarından artıq pul verdi. Adil çox sevindi. Həftə ərzində onu son qəpiyinə qədər xərclədi.
Növbəti bazar ertəsi ata qardaşlara cibxərcliyi verdi, Adilə isə yox.
|
Sizcə, atası Adilə nə üçün cibxərcliyi vermədi? |
Adil elə bildi ki, atası ona pul verməyi unudub. Ona görə də dedi:
- Ata, mənim cibxərcliyimi verməyi unutdun.
Ata cavabında:
- Xeyr, oğlum, sənin cibxərcliyini vermişəm, sən unutmusan, - dedi
Adil əllərini və ciblərini göstərdi:
- Ata, görürsənmi, əllərim də, ciblərim də boşdur. Qardaşlarıma pul verdin, amma mənə vermədin.
Ata gülümsəyib dedi:
- Vermişəm, oğlum. Mən aldığım əməkhaqqına görə sizə həftə ərzində yalnız bu qədər pul verə bilərəm. Amma sənin narazılığını nəzərə alıb ikihəftəlik cibxərcliyini bir həftədə verdim. Əgər israfçılıq etməsəydin, indi pulsuz qalmazdın.