Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin çoxmillətli olması burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ölkəmizdə ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və digər dinlər yayılmışdır
Sizcə, səmavi dinlərin hansı ibadət və mərasimləri bir-birindən fərqlənir?
Hər bir dinin özünəməxsus müəyyən ibadət və mərasimləri var. Bildiyimiz kimi, islamda namaz hər bir müsəlmana vacib buyurulmuş ibadətdir. İslam dininə görə, namaz vasitəsilə insan Yaradana öz sədaqətini nümayiş etdirərək ona yaxınlaşır, saflaşır və ülviləşir.
Müsəlmanlar gündə 5 dəfə namaz qılmalıdırlar.
Cümə müsəlmanlar üçün müqəddəs gün sayılır.
Ramazan və Qurban bayramları müsəlmanların dini bayramlarıdır. Bu bayramlarda müsəlmanlar bir sıra mərasimlər keçirirlər.
İnsanlar Qurban bayramı günü səhər tezdən məscidə toplaşır, bayram namazı qılırlar. Sonra isə niyyət edənlər qurbanlıq heyvan kəsirlər. Adətən, kəsilən heyvan üç hissəyə ayrılır. Bir hissəsi qohum-qonşuya, bir hissəsi imkansızlara paylanır, qalan hissəsi isə qonaqlar üçün bişirilir. Hər bir qurban kəsən adam bütün malının, mülkünün, ruzisinin Allahdan olduğunu və bütün var-dövlətini Allah yolunda sərf etməyə hazır olduğunu bildirir. Həcc ziyarəti zamanı insanların kəsdiyi qurbanlar isə, adətən, ehtiyac içində olan dövlətlərin əhalisinə göndərilir.