İnsan təbiətin təkrarolunmaz varlığıdır. Yaxşı yaşamaq hər bir insanın haq-
qıdır. O bunun üçün mübarizə aparır, oxuyur və işləyir. İnsan həm də daim öz
ləyaqətini* qorumağa borcludur. Dövlət də, öz növbəsində, vətəndaşlarının
mənafeyinin keşiyində durur.
İnsan ləyaqətinə hörmət hər vaxt eyni olmamışdır. Əvvəlcə ləyaqət haq-
qında təsəvvürlər formalaşmış, sonralar isə insanın öz ləyaqətini müdafiə
etməsinin ən mükəmməl mexanizmi – insan hüquqları yaranmışdır. İnsan hü-
quqlarına əməl olunması sahəsində başlıca məsuliyyətin dövlət üzərinə
düşməsi qanunauyğundur, çünki hər bir insanın hüquq və azadlığını qorumaq
bilavasitə dövlətə məxsusdur. Ölkəmizdə vətəndaşların hüquq və azadlıqları
Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur.
Əsas insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası
Konstitusiyasının 24–71-ci maddələrində sadalanır.
Azərbaycan Respublikasının Konstitusiyasının 52–53-cü maddələri Azər-
baycan Respublikası vətəndaşlarının hüquqlarına və onlara verilən hüquqi
təminatlara həsr olunub. Vətəndaş qanunla müəyyən olunmuş hüquqlardan
istifadə edir və dövlət qarşısında vəzifə borcunu yerinə yetirir. Hər bir vətən-
daş Azərbaycan dövlətinə və onun qanunlarına tabedir.
Konstitusiyamızın 71-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının
və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir
Ümumiyyətlə, Konstitusiyamızın 158 maddəsinin 40-dan çoxu insan hüquq
və azadlığına həsr edilmişdir. Vətəndaşların hüquqları onların cinsindən, mən-
şəyindən, irqindən, dilindən, dini inancından asılı olmayaraq qorunur.
Bununla yanaşı, digər demokratik ölkələrdə olduğu kimi, 2002-ci ildən res-
publikamızda da İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman**) fəaliyyət göstərir.
Ombudsman öz mahiyyətinə görə dövlətin qanunvericilik, icra və məhkə-
mə hakimiyyətinə aid olmayan orqanıdır. Qanuna əsasən, o, tam müstəqildir,
yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.
————————